2022-03-25
Qazaxıstanın K.S.Stanislavski adına Karaqanda Rus Dram Teatrında fransız yazıçısı Rober Tomanın “Səkkiz qadın” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.
Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, premyera 10 və 11 aprel tarixlərində baş tutacaq.
Tamaşada hadisələr şəhərkanarı villada baş verir. Bir-birinə doğma və yaxın olan səkkiz qadın burada yeni ili qeyd etməyə hazırlaşır. Lakin bayramqabağı ev sahibini öz kabinetində kürəyinə bıçaq sancılmış vəziyyətdə tapan qadınların bütün planları alt-üst olur. Ev sahibinin qətlində hər kəs: mərhumun arvadı, qızı, ögey qızı, qayınanası, baldızı, bacısı, şəxsi xidmətçisi və evin qulluqçusu şübhə altındadır. Və bu qadınlar müəmmalı cinayətkarı üzə çıxarmaq məqsədilə, özləri ciddi araşdırmaya başlayırlar.
Dedektiv komedrama janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı İrina Nikolayevadır. Rolları Valentina Şmatenko, Marina Marıçeva, Qalina Turçina, Oksana İqnatenko, Svetlana Patyomkina, İrina Nikolayeva, Aleksandra Martins və Alyona Zvonova ifa edirlər.